Türkiyənin ən böyük sənaye müəssisələri açıqlandı  

12:07 18.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Sənaye Palatasının (İSO) sədri Erdal Bahçıvan keçirdiyi mətbuat konfransında İSO-nun "Türkiyənin Ən Böyük 500 Sənaye Müəssisəsi" araşdırmasının nəticələrini açıqlayıb.

Hafta.az yazır ki, araşdırmaya görə, TÜPRAŞ istehsaldan əldə etdiyi gəlirlə 698 milyard 789 milyon lirə ilə birinci, Ford Otomotiv isə 538 milyard 268 milyon lirə ilə ikinci yeri tutub.

Star Rafineri AŞ 327 milyard 854 milyon lirə ilə üçüncü, əvvəlki il 6-cı yerdə olan OYAK-Renault isə 235,5 milyard lirə ilə 4-cü yerə yüksəlib. İstehsaldan əldə etdiyi gəlirlə 206,3 milyard lirə ilə Toyota Otomotiv və 165,7 milyard lirə ilə Arçelik şirkətləri ardınca gəlir.

Diqqətəlayiq haldır ki, ötən il 11-ci yerdə olan TUSAŞ istehsal satışlarında 140,9 milyard türk lirəsi ilə 7-ci yerə, 16-cı yerdə olan Türkiye Petrolleri Anonim Ortaklığı 138,8 milyard türk lirəsi ilə 8-ci yerə, 17-ci yerdə olan ASELSAN isə 130,2 milyard türk lirəsi ilə 9-cu yerə yüksəlib.

Digər tərəfdən, Mercedes-Benz istehsal satışlarında 127 milyard türk lirəsi ilə 12-ci yerdən 10-cu yerə yüksələrək ilk 10-luğu tamamlayıb.